12 iyun 2018-ci il tarixində “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin sədrliyi ilə "MilliKart" MMC-nin İştirakçılarının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilmişdir.
İclasın gündəliyinə MilliKartın 2019-2021-ci illər üzrə inkişaf strategiyasının müəyyən edilməsi, 2017-ci il üzrə Təftiş Komissiyası tərəfindən hazırlanmış audit hesabatının müzakirəsi və təsdiq edilməsi, Direktorlar Şurasının tərkibinə yenidən baxılması, MilliKarta yeni İştirakçıların (payçıların) cəlb edilməsi və digər məsələlər daxil edilmişdir.
İclasda, MilliKartın 2019-2021-ci illər üzrə inkişaf strategiyası istiqamətində bir sıra qərarlar qəbul edilmiş, 2017-ci il üzrə Təftiş Komissiyası tərəfindən hazırlanmış audit hesabatı təsdiq edilmiş, Direktorlar Şurasının yeni tərkibi təsdiqlənərək “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan Şuranın yeni sədri təyin edilmiş, həmçinin MilliKarta yeni İştirakçıların (payçıların) cəlb edilməsinə dair müvafiq qərarlar qəbul edilmişdir.
MilliKart 2005-cı ildən etibarən ölkədə fəaliyyət göstərən maliyyə institutlarına kart prosessinq xidmətlərini göstərir. Hazırda MilliKart tərəfindən bank, Azərpoçt, bank olmayan kredit təşkilatları (BOKT), investisiya, sığorta və digər təşkilatlara müxtəlif növ xidmətlər göstərilir.