MilliKart LLC və aparıcı ödəniş sistemlərindən olan UnionPay İnternational tərəfdaşlıq razilaşmasını imzalayıb və həmin sisteminin ödəniş kartlarını qəbul etmək üçün Azərbaycanda ilk layihəyə başlayıb.
Layihə MilliKartda xidmət olunan bankların POS terminal və bankomatları vasitəsilə UnionPay İnternational sisteminin plastik kartlarının qəbulunu (ekvayrinq) nəzərdə tutur. Beləliklə, UnionPay İnternational kart sahibləri bankomatlardan həm nağd vəsaitin çıxarılması, həm də müxtəlif mal və xidmətləri ödəməyə müvəffəq olacaqlar.
MilliKart LLC regiondakı güclü proqram-aparat təchizatına malik olan sürətlə inkişaf edən şirkətlərdən biridir. Əsas ana brend olan MilliKart LLC üç vacib istiqamətdə cəmləşib – M+assist, M+money və M+thinking.
UnionPay İnternational Çin Xalq Respublikasının Dövlət Şurası və Milli Bankı tərəfindən 2002-ci ildə yaradılmış Çin milli ödəniş sistemidir. UnionPay İnternational buraxılmış plastik kartların sayı üzrə dünyada birinci və kartların dövriyyəsi üzrə ikinci mövqeyə sahibdir. Ödəniş sistemi tərəfindən emissiya edilmiş kartların ümumi sayı 3 mlrd-an çoxdur və həmin kartlar dünyanın 141 ölkəsində qəbul olunur.