“MilliKart” son altı ay ərzində maraqlı, həyacanlı və şirkət üçün həyati əhəmiyyət kəsb edən rebredinq prosesindən keçmişdir. Rebrendinqin nəticələrini “MilliKart” bu gün Kempinski Badamdar otelində öz auditoriyasına təqdim etdi. Tədbirdə respublikamızın Mərkəzi Bankının və digər rəsmi strukturların, bank və pərakəndə sektorlarının nümayəndələri, sığorta şirkətləri və digər texnoloji təşkilatlar iştirak etdilər. Şirkətin tamamilə yenilənmiş brend imici, brend dəyərləri, fəaliyyət istiqamətləri, yeni məhsullar toplusu böyük müvəfəqiyyətlə təqdim olunmuşdur. Ana brend MilliKart LLC altında birləşmiş üç əsas fəaliyyət istiqaməti diqqəti çəkmişdir – M+assist, M+money və M+thinking.
Tədbirdə Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin Direktoru Kəmalə Qurbanova qeyd etdi ki, bu gün Azərbaycan plastik kart istifadəsi üzrə liderlər arasındadır, lakin göstərici mövcud potensiala cavab vermir. O, nağdsız ödəniş sisteminin inkişafının ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını vurğuladı.
Şirkətin İcraçı Direktoru Calal Orucov öz növbəsində maraqlı və tamamilə yeni formatda çıxış etdi və qeyd etdi ki, “Sürətlə inkişaf edən mühitdə öndə olmağa qərar verdik. Çünki həvəs və enerji ilə dolu olan dinamik, zirək və ağıllı şirkət olaraq buna layiqik. Gələcək bazar ehtiyaclarını yaradıb irəli sürmək üçün hər imkanımız var – davranışımızı, ünsiyyət tərzimizi və özümüzü başqalarına təqdim etmə üsulumuzu tamamən dəyişdirdik. Artıq insanların müzakirə etdiyi və bir hissəsi olmaq istədikləri bir biznes olduq.”
Xatırladmaq istəyirik ki, MilliKart öz fəaliyyətini kart emalı mərkəzi kimi başlamışdır. Zamanla, Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla 18 bankdan ibarət sabit səhmdar strukturlu məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdir. “MilliKart” tərəfindən göstərilən əsas xidmətlər ödəniş kartlarının personalizasiyası, kart ödənişləri üzrə prosessinq xidmətlərinin göstərilməsi, kart ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi, kart hesablarının dəstəklənməsi, bankomat, POS-terminal və digər avadanlıqların fəaliyyətinin təmin olunması, PİN-zərflərin çapı, kart ödənişlərinin bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsi ilə qəbulunun təmin olunması, müştərilərə 7 gün 24 saat ərzində “Call Center” xidmətinin göstərilməsi və digər xidmətlərdən ibarətdir. Bu fəaliyyətlərlə yanaşı MilliKart IT üzrə məsləhət xidmətləri, tədris proqramları, layihələrin idarə olunması, proqram təminatının hazırlanması və iteqrasiyası kimi sahələrdə aktivlik göstərir.